Kolumbiyada güclü zəlzələ: Ölənlərin sayı 164-ə çatdı
Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə yüksəlib. Ölkənin bir sıra şəhərlərində ciddi dağıntılar qeydə alınıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın “Reuters” agentliyinə istinadən yaydığı məlumata görə, hazırda dağıntıların aradan qaldırılması və axtarış-xilasetmə işləri davam etdirilir.
Təbii fəlakət nəticəsində şəhərlərdə onlarla bina dağılıb. Manisales şəhərində tarixi kilsələrdən birinin qülləsi iki hissəyə bölünüb.
Əhalisi təxminən 2,2 milyon nəfər olan Kali şəhərində isə böyük xəstəxananın, o cümlədən uşaq şöbələrinin yerləşdiyi yuxarı mərtəbələri çöküb. Nəticədə bəzi xəstələrin dağıntılar altında qaldığı bildirilir. Təxminən 600 pasiyentə küçədə tibbi yardım göstərilir.
Xəstəxananın baş həkimi bu barədə “Caracol” telekanalına açıqlama verib. Rəsmi məlumatlara əsasən, Kalidə zəlzələ nəticəsində 85 nəfərin öldüyü təsdiqlənib.
Pereyra şəhərində isə azı 66 nəfərin həyatını itirdiyi bildirilir. Şəhərdə çoxsaylı binalar və hava limanı ciddi zərər görüb və ya tamamilə dağılıb.
Zəlzələnin yaratdığı fəsadlarla əlaqədar Kali və Pereyra şəhərlərində gecə saatlarında komendant saatı tətbiq olunub.