Azərbaycan Güləş Federasiyası (AGF) ilə ABŞ-də fəaliyyət göstərən "Sülh naminə güləş" təşkilatı arasında əməkdaşlığın inkişafını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, sənədin imzalanması mərasimi Bakıda yerləşən Milli Gimnastika Arenasında baş tutub. Tədbirdə federasiya rəsmiləri və digər qonaqlar iştirak ediblər.
Mərasim çərçivəsində "Sülh naminə güləş" təşkilatının icraçı direktoru Den Rassel AGF-nin baş katibi Pərviz Piriyevlə görüşərək göstərilən əməkdaşlığa görə minnətdarlığını ifadə edib.
Tədbir zamanı ABŞ və Azərbaycan komandalarının üzvləri arasında hədiyyə mübadiləsi həyata keçirilib. ABŞ millisinin güləşçiləri "Zəfər" Güləş Klubunun yetirmələrinə imzalı posterlər təqdim ediblər.
Bununla yanaşı, qonaqlar ABŞ və Azərbaycanın U-17 milli komandalarının üzvlərinə, eləcə də "Zəfər" Güləş Klubunun uşaqlarına hər iki ölkənin bayraqlarını əks etdirən nişanlar hədiyyə ediblər.
Sonda tərəflər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu rəsmən imzalanıb.