Əli Nağıyev Çində mühüm görüş keçirib – Azərbaycan və Çin arasında saziş imzalanıb
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
Xeberhub.com xəbər verir ki, səfər Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Ciansu əyalətinin Lianyunqan şəhərinə həyata keçirilib.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin iştirak etdiyi V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna qatılıb.
Forumda terrorçuluğa qarşı mübarizə, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik sahəsində yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Tədbirin yekununda “Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı” qəbul edilib.
Forum çərçivəsində Əli Nağıyev Çin Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb.
Görüş zamanı Əli Nağıyev Çin tərəfinə dəvətə görə təşəkkür edib. O, Tibetdə baş vermiş və müxtəlif ölkələrin vətəndaşlarının da həyatını itirməsi ilə nəticələnən faciə ilə bağlı Çin xalqına və həlak olanların ailələrinə başsağlığı verib.
Tərəflər qlobal təhlükəsizlik vəziyyəti, müasir təhdidlərin xarakteri və iki qurum arasında əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Hazırkı münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb.
Beynəlxalq vəziyyətin mürəkkəbləşməsi, müxtəlif regionlarda münaqişələrin davam etməsi və qlobal iqtisadiyyatda yaranan əlavə risklər fonunda təhlükələrə qarşı birgə mübarizənin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə qarşılıqlı etimad, hörmət və operativ informasiya mübadiləsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıdığı, əlaqələrin suverenliyə hörmət və qarşılıqlı dəstək prinsiplərinə əsaslandığı bildirilib.
Tərəflər terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq və telekommunikasiya sistemlərindən istifadə etməklə törədilən dələduzluq hallarına qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi barədə razılıqlarını ifadə ediblər. Hüquq-mühafizə və təhlükəsizlik qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin də vacib olduğu vurğulanıb.
Səfərin sonunda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.