Azərbaycanda miqrasiya xidmətlərinin əksəriyyəti elektron formata keçirilib
Azərbaycanda miqrasiya sahəsində təqdim olunan xidmətlərin böyük hissəsi rəqəmsallaşdırılıb.
Xeberhub.com xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Aygül Abbaszadə "Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları" mövzusunda keçirilən təqdimat zamanı açıqlayıb. Xəbərin ilkin mənbəyi Oxu.Azdır.
Aygül Abbaszadənin sözlərinə görə, hazırda miqrasiya istiqamətində göstərilən 27 xidmət elektronlaşdırılıb.
O bildirib ki, qaçqınlarla bağlı prosedurların rəqəmsal sistemə keçirilməsi həyata keçirilməyib. Buna səbəb kimi bəzi qaçqınların sənədlərinin olmaması, ölkəni qeyri-qanuni yollarla tərk etməsi və hətta müəyyən şəxslərin yazıb-oxumaq imkanının məhdud olması göstərilib.
Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi qeyd edib ki, beynəlxalq təcrübədə də qaçqınlarla bağlı prosedurların tam elektronlaşdırılması hər zaman effektiv nəticə vermir.
O əlavə edib ki, ASAN xidmət mərkəzlərində miqrasiya sahəsi üzrə təqdim olunan 22 xidmətdən 16-sı vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.