SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
Texnologiya

“Porsche”nin yeni elektrikli “Cayenne” modeli Azərbaycanda təqdim edildi

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
“Porsche”nin yeni elektrikli “Cayenne” modeli Azərbaycanda təqdim edildi

“Porsche”nin yeni tam elektrikli “Cayenne Electric” modeli Azərbaycanda təqdim edildi

Xeberhub.com xəbər verir ki, avqustun 2-də “Sea Breeze Yacht Club”da keçirilən xüsusi tədbirdə “Porsche”nin yeni tam elektrikli “Cayenne Electric” model xəttinin Azərbaycanda təqdimatı baş tutub.

Tədbirdə “Porsche” həvəskarları yeni nəsil modelin dizaynı, texnoloji imkanları və yüksək performans göstəriciləri ilə yaxından tanış olublar.

Təqdimat mərasimində çıxış edən “Əfəndilər Qrup”un icraçı direktoru Amal Əlili şirkətin Azərbaycanda elektromobilliyin inkişafındakı rolundan danışıb. O bildirib ki, “Əfəndilər Qrup” ölkədə ilk tam elektrikli avtomobillərin satışını həyata keçirən rəsmi idxalçı kimi bu sahədə əldə etdiyi təcrübəni gələcəyə baxışının mühüm istiqamətlərindən biri hesab edir.

Yeni “Cayenne Electric” modelinin təqdimatı da qeyri-adi formada keçirilib. Avtomobil su üzərində yerləşdirilən xüsusi platformada nümayiş etdirilib. Dalğıclar tərəfindən üzəri açılan avtomobilin sudan çıxarılaraq təqdim olunması tədbirin ən diqqətçəkən anlarından biri olub.

“Porsche”nin ən güclü seriya modeli

Yeni “Cayenne Electric” Azərbaycanda iki kuzov variantında – “Cayenne” və “Cayenne Coupé” versiyalarında təqdim edilib. Bu seçim modelin həm gündəlik istifadə üçün funksionallığını, həm də daha dinamik dizayn axtaran müştərilərin tələblərini qarşılamağa imkan verir.

Model xəttinin ən güclü versiyası olan “Cayenne Turbo Electric” 1 156 at gücünədək güc hasil edir. Avtomobil 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə çata bilir.

Bu göstəricilər “Cayenne Turbo Electric”i SUV kuzovunda “Porsche”nin ən güclü seriya avtomobili kimi fərqləndirir.

Yeni “Cayenne Electric” yalnız mövcud SUV modelinin elektrikləşdirilmiş versiyası kimi deyil, həm də yüksək performans, gündəlik funksionallıq, off-road imkanları və yeni nəsil elektrik texnologiyalarını bir araya gətirən model kimi təqdim olunur.

Yeni “Porsche Cayenne Electric” və markanın digər elektromobilləri ilə yaxından tanış olmaq istəyənlər “Porsche” Bakı Mərkəzinə müraciət edə bilərlər.

A

Oxşar Xəbərlər