Xeberhub.com xəbər verir ki, President.az-ın yaydığı məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliklə mopedlərlə bağlı dövlət rüsumlarının məbləği müəyyən edilib.
Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, dövlət qeydiyyatına alınmasına görə 10 manat, dövlət qeydiyyat nişanının verilməsinə görə isə 15 manat dövlət rüsumu tətbiq olunacaq.
Bununla yanaşı, moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınması məqsədilə keçirilən imtahana görə 40 manat, təkrar imtahana görə isə 20 manat rüsum ödənilməsi nəzərdə tutulur.
Yeni dəyişikliklərə əsasən, moped üçün sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi, eləcə də qeydiyyat şəhadətnaməsinin təqdim olunması üçün ayrıca 30 manat dövlət rüsumu müəyyən edilib.
Qeyd edək ki, bu dəyişikliklər mopedlərin dövlət qeydiyyatı və idarə olunması ilə bağlı yeni hüquqi tələblərin tətbiqi çərçivəsində qüvvəyə minib.