Bakıda 6 ayda 6 909 cinayət qeydə alınıb – Rəsmi statistika açıqlandı
Xeberhub.com xəbər verir ki, Bakı Şəhər Prokurorluğunda 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə bildirilib ki, cari ilin ilk altı ayı ərzində paytaxtda prokurorluq və daxili işlər orqanları üzrə ümumilikdə 6 909 cinayət hadisəsi qeydə alınıb. Rəsmi məlumata əsasən, bu cinayətlərin 93,2 faizi açılıb.
Hesabat dövründə Bakıda baş vermiş bütün qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri operativ şəkildə açılıb.
Bakı Şəhər Prokurorluğu tərəfindən 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 70-i baxılması üçün məhkəməyə göndərilib. Daxili işlər orqanlarının istintaq bölmələri isə 3 148 cinayət işinin istintaqını yekunlaşdıraraq, 2 338 işi məhkəmə baxışına təqdim edib.
Qeyd olunub ki, ibtidai istintaqı başa çatdırılan cinayət işləri üzrə dövlətə, fiziki və hüquqi şəxslərə vurulan 8 milyon 777 min 740 manat maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 faizi ödənilib.
Müşavirədə axtarışda olan və itkin düşmüş şəxslərin tapılması istiqamətində tədbirlərin gücləndirilməsi, artım müşahidə olunan cinayətlərin profilaktikası, eləcə də əvvəlki illərdə açılmamış qəsdən adamöldürmə faktlarının istintaqının sürətləndirilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Hesabatda həmçinin bildirilib ki, ilk yarımildə Bakı Şəhər Prokurorluğuna 10 573 müraciət daxil olub. Bu müddətdə 1 299 vətəndaş qəbul edilib, onlardan 173-ü şəxsən Bakı şəhər prokuroru tərəfindən dinlənilib.
Sonda qeyd edilib ki, hesabat dövründə intizam qaydalarını pozduğu müəyyən edilən bir əməkdaş tutduğu vəzifədən azad olunub.
Şərhlər (0)
Şərh yazın