Dağbəyi İsmayılov: Dini mövzuların məsuliyyətli təqdimatı medianın əsas vəzifəsidir
Xeberhub.com xəbər verir ki, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Qusar şəhərində keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda çıxış edib.
Dağbəyi İsmayılov bildirib ki, müasir informasiya cəmiyyətində media artıq təkcə xəbər yayan platforma deyil, həm də ictimai rəyin formalaşmasına, insanların dünyagörüşünə və mənəvi dəyərlərinə təsir göstərən mühüm sosial institutdur.
Onun sözlərinə görə, dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması media qurumlarının əsas vəzifələrindən biridir. O qeyd edib ki, bu sahədə peşəkarlıq və dini savadlılıq xüsusi əhəmiyyət daşıyır.
İsmayılov vurğulayıb ki, Azərbaycan dövləti din sahəsində ardıcıl siyasət həyata keçirir və ölkə Konstitusiyası hər bir vətəndaşın vicdan və dini etiqad azadlığını təmin edir. Onun fikrincə, bu prinsip cəmiyyətdə sabitliyin və harmoniyanın qorunmasına xidmət edir.
O əlavə edib ki, ölkədə din və media münasibətləri "Dini etiqad azadlığı haqqında" və "Media haqqında" qanunlarla tənzimlənir. Azərbaycan dünyəvi dövlət olsa da, dini sahədə sabitliyin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur.
Dağbəyi İsmayılov bildirib ki, sosial medianın sürətli inkişafı informasiyanın yayılmasını asanlaşdırsa da, dezinformasiyanın və radikal çağırışların yayılması riskini də artırıb. Bu səbəbdən medianın maarifləndirmə aparması, milli-mənəvi dəyərləri təbliğ etməsi və dini dözümlülüyü təşviq etməsi xüsusi əhəmiyyət daşıyır.
O, dini savadlılığın gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, gənclərə etibarlı dini biliklərin çatdırılması radikal təsirlərin qarşısının alınmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan mediası bu istiqamətdə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə davam edir.
Şərhlər (0)
Şərh yazın