Keçmiş MN vəzifəlisinin məhkəməsində şahidlər ifadə verdi
Xeberhub.com xəbər verir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin keçmiş bölmə rəisi, eyni zamanda bir müddət qurumun rəisi vəzifəsini icra etmiş Əvəz Rüstəmovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlərin ifadələri dinlənilib.
Şahid H.Ü. bildirib ki, 2009-cu ildə mənzil almaq məqsədilə Əvəz Rüstəmova atası vasitəsilə 2 800 manat verib. Onun sözlərinə görə, mənzilin daimi istifadə üçün veriləcəyi bildirilsə də, sonradan təqdim edilən orderin xidməti mənzilə aid olduğu məlum olub.
Digər şahid Ə.Q. ifadəsində qeyd edib ki, 2017-ci ildə Salyan qarnizonunda xidmətə başlayıb və həmin dövrdə Əvəz Rüstəmovu tanıyıb. O bildirib ki, hərbi şəhərcikdə mənzillərin verilməsi yalnız qarnizon rəisinin səlahiyyətində olub və bu proses komissiya üzvlərinin imzaları olmadan həyata keçirilə bilməzdi.
Şahid İ.A. isə mənzillərin bölüşdürülməsi ilə bağlı qərar vermək səlahiyyətinə malik olmadığını deyib. Onun sözlərinə görə, hərbi şəhərcikdə sənədsiz yaşayan ailələr olsa da, bununla bağlı yalnız aidiyyəti şəxslərə xəbərdarlıq etmək imkanı olub.
Məhkəmə baxışı sentyabrın 10-na təyin edilib.
İttihama əsasən, Əvəz Rüstəmov xidməti mənzillərin verilməsi, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli qarşılığında müxtəlif şəxslərdən təkrarən və külli miqdarda rüşvət almaqda, həmçinin vəzifə saxtakarlığı və nüfuz alverində təqsirləndirilir.
Toplanmış sübutlar əsasında ona Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3, 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində yaşı və səhhəti nəzərə alınaraq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Şərhlər (0)
Şərh yazın