Xeberhub.com xəbər verir ki, President.az-ın yaydığı məlumata görə, Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin tətbiqi ilə bağlı bəzi qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Yeni qanunvericilik dəyişikliklərinə əsasən, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması və mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə bu nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması məcburi olacaq.
Qanuna əsasən, mopedlər müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınacaq, onlara dövlət qeydiyyat nişanı veriləcək və onların idarə olunması yalnız sürücülük vəsiqəsi ilə mümkün olacaq. Bununla yanaşı, nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra hüquq və öhdəliklər moped sürücülərinə də şamil ediləcək.
Dəyişikliklərə görə, moped idarə etmək istəyən şəxslər "A1" kateqoriyalı sürücülük vəsiqəsinə, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə və dövlət qeydiyyat nişanına malik olmalıdırlar.
Qanun həmçinin mopedlərin texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatı, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, dövlət qeydiyyat nişanlarının təqdim olunması üçün dövlət rüsumlarının mövcud tariflər əsasında tənzimlənməsini, eləcə də qeydiyyatdan keçmiş mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.
Qeyd edək ki, qanunvericiliyə əsasən, kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki ilə işləyən və ya mühərrikinin iş həcmi 50 kubsantimetrdən çox olmayan, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üç təkərli nəqliyyat vasitələri moped hesab edilir.