Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata əsasən, Binə qəsəbəsində baş verən iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtobusun səbəbindən baş verdiyi iddia olunur.
160 nömrəli marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirən "Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov bildirib ki, hadisə onların avtobusu dayanacaqda sərnişin minib-düşürdüyü vaxt baş verib. Onun sözlərinə görə, Binə ilə "Koroğlu" metro stansiyası arasında qanunsuz fəaliyyət göstərən "Hyundai" markalı avtobus yüksək sürətlə hərəkət edərək arxadan 160 nömrəli avtobusa çırpılıb.
Şirkət rəhbəri qəza nəticəsində avtobusa ciddi maddi ziyan dəydiyini, xəsarət alanların isə əsasən digər avtobusun sərnişinləri olduğunu qeyd edib. O əlavə edib ki, öz avtobuslarında olan bəzi sərnişinlər yalnız sınan şüşələrin qırıntılarından yüngül xəsarət alıblar.
İsmayıl Hüseynov bildirib ki, sözügedən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, həmin avtobuslar fəaliyyətlərini davam etdirirlər.
TƏBİB-in məlumatına görə, qəza nəticəsində ümumilikdə 22 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Onlardan 13 nəfər Sabunçu Tibb Mərkəzinə, doqquz nəfər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Kliniki Tibbi Mərkəzə aparılan şəxslərə müxtəlif travmalar diaqnozu qoyulub və onların müalicəsi davam etdirilir. Sabunçu Tibb Mərkəzində isə bir qadının vəziyyəti orta ağır qiymətləndirilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Digər 12 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.