Xeberhub.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına qanunsuz müdaxilə edilərək pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı müraciətlər daxil olub.
Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməldə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədov saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, o, hazırladığı xüsusi proqram təminatları vasitəsilə müxtəlif MMC-lərə məxsus biznes hesablarının identifikasiya məlumatlarını ələ keçirib.
İstintaqın ilkin nəticələrinə görə, Zakir Nəhmədov əldə etdiyi məlumatlardan istifadə edərək biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların mənbəyi yoxlanılmadan təsdiqləndikdən sonra o, hesablara qanunsuz daxil olaraq oradakı pul vəsaitlərini mənimsəyib.
DİN-in məlumatına əsasən, şübhəli şəxs cinayət yolu ilə əldə etdiyi vəsaitlərin izini itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı onun zərərçəkmişlərə 100 min manatdan artıq maddi ziyan vurduğu müəyyən olunub.
Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi vətəndaşlara və sahibkarlıq subyektlərinə müraciət edərək internet bankçılığı, elektron imza və təsdiq kodları ilə bağlı daxil olan sorğuların mənbəyini diqqətlə yoxlamağı, bu məlumatları üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edib. Həmçinin şübhəli əməliyyatlarla rastlaşdıqda dərhal banka və hüquq-mühafizə orqanlarına məlumat verilməsi tövsiyə olunub.