Xeberhub.com RİA Novosti-yə istinadən xəbər verir ki, narkoterrorizm, silah və narkotik qaçaqmalçılığı ittihamları ilə təqsirləndirilən Venesuelanın sabiq rəhbəri Nikolas Maduro barəsində məhkəmə prosesi iyulun 22-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
Məlumata görə, məhkəmə iclasının əvvəlcə 30 iyun tarixinə təyin olunması planlaşdırılsa da, ABŞ prokurorluğunun müraciəti əsasında proses təxirə salınıb. Bildirilib ki, vəsatət logistika və planlaşdırma məsələlərinin həlli, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə təqdim olunub.
Prokuror Cey Kleytonun müraciətini nəzərdən keçirən Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn məhkəmə iclasının iyulun 22-nə keçirilməsinə qərar verib.
Məlumatda xatırladılır ki, bu ilin 3 yanvar tarixində ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirdiyini və həmin əməliyyat zamanı Nikolas Maduro ilə həyat yoldaşı Siliya Floresin saxlanılaraq Nyu-Yorka aparıldığını açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp onların narkoterrorizm və ABŞ üçün təhdid yaratmaq ittihamları üzrə məhkəmə qarşısına çıxacağını bildirmişdi. Həmçinin, ölkənin müvəqqəti rəhbəri vəzifəsinə vitse-prezident Delsi Rodrigesin gətirildiyi qeyd olunmuşdu.