Xeberhub.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Səfər çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda görüş keçirilib. Tədbirdə qonaqlara 44 günlük Vətən müharibəsində əldə olunan təcrübəyə həsr edilmiş "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub.
Daha sonra nümayəndə heyətinə Azərbaycan Ordusunun hərbi təhsil sistemi, tədris prosesi və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.
Görüş zamanı tərəflər Azərbaycan və Serbiyada hərbi təhsil sahəsində tətbiq olunan müasir yanaşmalar, təhsil müəssisələrinin fəaliyyəti və qabaqcıl təcrübələr ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Səfərin sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim edib, görüşün yekunu olaraq xatirə şəkli çəkdirilib.