XeberHub.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Moldovanın Rusiyadakı səfiri Lilian Dariy Xarici İşlər Nazirliyinə dəvət olunub. Buna səbəb kimi Kişineunun diplomatik normaları pozduğu iddiası göstərilib.
Nazirliyin açıqlamasında bildirilib ki, səfirlə keçirilən görüş zamanı Rusiya tərəfi Moldovanın diplomatik nümayəndəlik əməkdaşları və xidməti avtomobillərlə bağlı baş vermiş iki hadisə ilə əlaqədar rəsmi etirazını təqdim edib.
Moskva hesab edir ki, sözügedən insidentlər zamanı Moldova hakimiyyəti 1961-ci il "Diplomatik Əlaqələr haqqında" Vyana Konvensiyasının müddəalarını kobud şəkildə pozub. Bu səbəbdən Rusiya XİN Kişineunun addımlarına etirazını səfir Lilian Dariyin diqqətinə çatdırıb.
Rusiya tərəfi insidentlərin detalları barədə əlavə məlumat verməsə də, məsələ ilə bağlı diplomatik narazılığın rəsmi şəkildə ifadə edildiyini vurğulayıb.