Xeberhub.com xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri və yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, iyulun 30-na keçən gecə Rusiya ordusu Ukraynanın müxtəlif şəhər və regionlarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum həyata keçirib.
Məlumata əsasən, Krivoy Roq şəhərinin kənarında çoxuşaqlı ailənin yaşadığı fərdi yaşayış evinə ballistik raket düşüb. Şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bildirib ki, hadisə nəticəsində altı nəfər ölüb, daha səkkiz nəfər yaralanıb. Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdiyindən ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Lvov şəhərində də gecə saatlarında bir neçə partlayış qeydə alınıb. Paton və Vıqovski küçələrində yerləşən yaşayış binalarında yanğın baş verib. Şəhər meri Andrey Sadovının sözlərinə görə, dağıntılar altında insanların qaldığı ehtimal edilir və xilasetmə işləri fasiləsiz davam etdirilir.
Lvov Vilayət Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski bildirib ki, raket hücumu nəticəsində yaralananların sayı 15-ə çatıb. Onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Yaralılar arasında bir xilasedicinin də olduğu qeyd edilir.
Paytaxt Kiyev də gecə saatlarında hava hücumuna məruz qalıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Obolon rayonunda bazar ərazisində ticarət pavilyonlarında yanğın baş verib, Svyatoşinski rayonunda isə qaraj kooperativində alovlanma qeydə alınıb. Yanğının söndürülməsi zamanı bir nəfərin meyiti aşkarlanıb, daha bir nəfər ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Həmçinin beşmərtəbəli qeyri-yaşayış binasında yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Kiyev vilayətində isə biri uşaq olmaqla beş nəfərin yaralandığı bildirilib. Brovarı rayonunun Skibin kəndində ikimərtəbəli yaşayış evi qismən dağılıb, yaxınlıqdakı iki evə də ziyan dəyib. Xilasedicilər dağıntılar altından üç yaralını çıxararaq həkimlərə təhvil veriblər.