"Space" TV-nin bank hesablarına həbs qoyulması ilə bağlı müzakirələr davam edir. Məsələ ilə əlaqədar telekanalın sabiq baş direktoru Vado Korovin səsləndirilən iddialara münasibət bildirib.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Vado Korovin açıqlamasında bildirib ki, "Space" TV-nin bəyanatında qeyd olunan kredit öhdəliyi onun rəhbər vəzifəsinə təyin edilməsindən iki il əvvəl rəsmiləşdirilib və telekanalı artıq ciddi maliyyə problemləri ilə təhvil alıb.
Onun sözlərinə görə, rəhbərlik etdiyi müddətdə kanalın əsas məqsədi mövcud maliyyə çətinliklərini idarə etməklə yanaşı, televiziya fəaliyyətini davam etdirmək və inkişaf etdirmək olub. Korovin qeyd edib ki, son illərdə reklam bazarında baş verən dəyişikliklər, xüsusilə reklam büdcələrinin televiziya sektorundan rəqəmsal platformalara yönəlməsi ölkədə fəaliyyət göstərən əksər telekanalların maliyyə vəziyyətinə mənfi təsir göstərib.
Sabiq baş direktor bildirib ki, rəhbərliyi dövründə "Space" TV reytinq baxımından milli telekanallar arasında yeddinci pillədən ikinci yerə yüksəlib. O, bunu komandanın fəaliyyəti və həyata keçirilən idarəetmə strategiyasının nəticəsi kimi qiymətləndirib.
Korovin əlavə edib ki, maliyyə çətinliklərinə baxmayaraq, əməkdaşların əməkhaqları vaxtında ödənilib və kanal fəaliyyətini fasiləsiz davam etdirib. Onun sözlərinə görə, vəzifədən ayrılmazdan əvvəl bağlanan iri kommersiya müqaviləsi telekanalın sonrakı dövrdə də maliyyə sabitliyinə töhfə verib.
Sabiq rəhbər texniki bazanın yenilənməsi ilə bağlı iddialara da münasibət bildirib. O qeyd edib ki, rəhbərliyi dövründə "Space" TV-də səkkiz robotlaşdırılmış televiziya kamerası, üç yeni studiya kamerası, müasir televiziya pultları, mikrofon sistemləri, kompüterlər və digər avadanlıqlar alınıb, studiyalar yenilənib və xidməti avtomobillər əldə olunub. Korovin bu işlərlə bağlı bütün müqavilə və maliyyə sənədlərinin telekanalın arxivində saxlanıldığını, görülən işlərin Audiovizual Şuranın aktlarında da əks olunduğunu vurğulayıb.
O, həmçinin telekanal binasında kosmetik təmir işlərinin də onun rəhbərliyi dövründə aparıldığını bildirib və hazırkı rəhbərliyin səsləndirdiyi fikirləri məsuliyyəti əvvəlki rəhbərliyin üzərinə yönəltmək cəhdi kimi qiymətləndirib.
Xatırladaq ki, "Space" TV bundan əvvəl yaydığı açıqlamada bank hesablarına həbs qoyulmasının səbəbinin 2021-ci ildə "Xalq Bank" ASC-dən götürülmüş kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi nəticəsində formalaşan 140 313,06 ABŞ dolları məbləğində borc olduğunu bildirmişdi.