Azərbaycan I Liqasında çıxış edən "Cəbrayıl" futbol klubunun yeni mövsümdə bu ad altında yarışmayacağı bildirilir.
XeberHub.com xəbər verir ki, Futbolinfo.az-ın yaydığı məlumata görə, klubun həmtəsisçiləri olan "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov və Şahin Məmmədov komandanı Gəncədən olan iş adamlarına satıblar.
Məlumata əsasən, tərəflər arasında əldə olunan razılaşmaya görə, klubun satışı 400 min manat qarşılığında baş tutub. Hüquqi prosedurlar tamamlandıqdan sonra komandanın fəaliyyətini "Gəncəbasar" adı altında davam etdirəcəyi gözlənilir.
Bildirilib ki, yeni yaradılacaq klubun idarəçiliyində "Kəpəz" Futbol Klubunun sabiq İdarə Heyətinin sədri Namiq Qədirov və keçmiş icraçı direktoru İlqar Nadiri yer alacaqlar.
Rəsmi sənədləşmə prosesi başa çatdıqdan sonra "Gəncəbasar"ın "Cəbrayıl"ın hüquqi varisi kimi fəaliyyət göstərəcəyi gözlənilir.