Xeberhub.com Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya silahlı qüvvələri son sutka ərzində Ukraynanın azı səkkiz bölgəsinə zərbələr endirib.
Məlumata görə, hücumların hədəfində Dnepropetrovsk, Xarkov, Çerniqov, Xerson, Zaporojye, Odessa, Nikolayev və Sumı vilayətləri olub. Hücumlar nəticəsində ölən və yaralananların olduğu, yaşayış evlərinə, inzibati binalara və mülki infrastruktura ziyan dəydiyi bildirilib.
Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fyodorovun açıqlamasına görə, şəhər və ətraf rayonlara edilən hücumlar zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Bildirilib ki, gün ərzində vilayətin 54 yaşayış məntəqəsi 1028 dəfə atəşə tutulub.
Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, vilayətin yaşayış məntəqələri, o cümlədən Xerson şəhəri dron hücumlarına və artilleriya atəşlərinə məruz qalıb. Hücumlar nəticəsində iki nəfərin öldüyü, 16 nəfərin yaralandığı qeyd olunub. Zərər görən obyektlər arasında çoxmərtəbəli bina, fərdi evlər, mağaza, yanacaqdoldurma məntəqəsi, kənd təsərrüfatı texnikası, trolleybus və şəxsi avtomobillər olub.
Odessa vilayətində isə mülki obyektə zərbə endirildiyi bildirilib. Hücum nəticəsində qaz magistralının zədələndiyi və texnikanın yandığı açıqlanıb. Hadisə zamanı 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunub.
Nikolayev vilayətində "Shahed" tipli və digər pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilib. Hücumlar nəticəsində Oçakov şəhərində iki qadının yaralandığı, müxtəlif obyektlərə və elektrik infrastrukturuna ziyan dəydiyi açıqlanıb.
Sumı şəhərində isə iyulun 20-də axşam saatlarında yaşayış massivlərindən biri reaktiv dronla hədəfə alınıb. İlkin məlumatlarda iki nəfərin yaralandığı bildirilsə də, sonradan yaralıların sayının altıya yüksəldiyi açıqlanıb. Yaralananlar arasında dörd uşağın olduğu qeyd olunub.
Bundan əlavə, Rusiya qüvvələrinin Çerniqov, Dnepropetrovsk və Xarkov vilayətlərinə də zərbələr endirdiyi bildirilib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, Xarkov şəhəri və daha 18 yaşayış məntəqəsi hücuma məruz qalıb. Hücum nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.
Çerniqovda Rusiya dronunun şəhərin mərkəzində yerləşən inzibati binaya zərbə endirdiyi, nəticədə yanğın baş verdiyi və bir nəfərin xəsarət aldığı bildirilib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja isə Rusiya ordusunun bölgənin iki rayonuna PUA-larla zərbələr endirdiyini açıqlayıb. Hücumlar nəticəsində 2 nəfərin öldüyü və mülki infrastruktura ziyan dəydiyi qeyd olunub.