Xəbər
Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ və İran arasında sülh danışıqlarının başlaması üçün əvvəlcə atəşkəs əldə olunmalıdır. Bu barədə siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Əlimusa İbrahimov açıqlama verib.
Politoloqun sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında sülhdən danışmaq tezdir və bunun üçün əvvəl razılaşdırılmış 14 maddədən ibarət anlaşmanın icrası vacibdir.
Əlimusa İbrahimov bildirib ki, sözügedən razılaşmanın həyata keçirilməsinə başlanılsa da, sonradan vəziyyət yenidən gərginləşib və tərəflər qarşılıqlı zərbələr endirməyə başlayıblar.
Ekspert qeyd edib ki, ABŞ əsasən İranın nüvə proqramı və Hörmüz boğazı ilə bağlı ciddi güzəştlər tələb edir. İran isə bu tələblərlə razılaşmaq istəmir.
Onun sözlərinə görə, hazırda Hörmüz boğazı ABŞ və İran arasında əsas mübahisə mövzularından birinə çevrilib:
"Boğazın blokadada olması ABŞ və dünya iqtisadiyyatı üçün ciddi çətinliklər yaradır. ABŞ-nin regiondakı addımları göstərir ki, əsas məqsədlərdən biri Hörmüz boğazının İranın nəzarətindən çıxarılması və ya Tehranın bu marşruta təsir imkanlarının məhdudlaşdırılmasıdır".
Politoloq hesab edir ki, tərəflər yalnız qarşılıqlı təzyiq və güzəştsiz mövqelərlə nəticə əldə edə bilməyəcəklərini anladıqdan sonra danışıqlar masasına qayıda bilərlər.
Əlimusa İbrahimovun fikrincə, hazırda ABŞ İranı güc yolu ilə razı salmağa çalışır, İran isə Vaşinqtonun genişmiqyaslı hərbi əməliyyata başlamayacağını düşünür.
Ekspert bildirib ki, verilən məlumatlara əsasən, təxminən 50 min ABŞ hərbçisi Körfəz bölgəsində İrana qarşı mümkün əməliyyatlar üçün yerləşdirilib. O, həmçinin NATO ölkələrinin də bu məsələdə Vaşinqtona dəstək verə biləcəyi barədə məlumatların yayıldığını qeyd edib.
Politoloqun fikrincə, gərginliyin artdığı hazırkı şəraitdə İranın xüsusilə Hörmüz boğazı ilə bağlı mövqeyini dəyişmədiyi halda, yaxın zamanda tərəflərin danışıqlar masasına qayıtması ehtimalı azdır.