Xəbər
Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ və İran arasında davam edən qarşılıqlı hərbi qarşıdurma yeni mərhələyə keçib. Son hadisələr fonunda gərginliyin daha da artdığı və hücumların coğrafiyasının genişləndiyi bildirilir.
"Azad İran" "YouTube" kanalında yayımlanan materialda qeyd olunub ki, iyulun 7-dən başlayan qarşılıqlı zərbələr daha təhlükəli xarakter alaraq eskalasiya mərhələsinə çatıb.
Məlumata görə, son günlər İran tərəfindən həyata keçirilən hücumların əsas istiqamətlərindən biri İordaniya olub. Bildirilir ki, son beş gün ərzində bu ölkə ərazisinə dörd böyük hücum həyata keçirilib.
İyulun 17-də baş verən hücum nəticəsində iki ABŞ hərbçisinin öldüyü, daha bir əsgərin itkin düşdüyü qeyd olunub. Digər hücumlar zamanı isə onlarla amerikalı hərbçinin yaralandığı, bir neçə hərbi helikopterin zərər gördüyü bildirilib.
Materialda vurğulanır ki, İordaniyanın hədəfə çevrilməsi ABŞ qüvvələrinin bir hissəsinin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən İordaniya və İsrail istiqamətinə köçürülməsindən sonra baş verib.
Məlumata əsasən, bu addımdan sonra İran hücumlarının əhatə dairəsini genişləndirərək İordaniyanı da mümkün hədəflər sırasına daxil edib. Bildirilir ki, bu, iyun ayında Tehran və Vaşinqton arasında əldə olunan anlaşmadan sonra bölgədəki gərginliyin yeni mərhələyə keçməsinə səbəb olub.