Xeberhub.com "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, NATO ölkələrində barıt istehsalı üçün vacib xammallardan biri hesab olunan pambıq linterlərinin çatışmazlığı yaranıb.
Məlumata görə, pambıq toxumlarının üzərində qalan qısa liflərdən ibarət olan pambıq linterləri kimyəvi emaldan keçirildikdən sonra nitrotsellülozaya, başqa sözlə, piroksilinə çevrilir. Bu maddədən artilleriya mərmiləri üçün istifadə olunan barıtın hazırlanmasında yararlanılır.
Nəşr qeyd edir ki, ABŞ hazırda pambıq linterləri ilə bağlı tələbatını əsasən özü qarşılayır və piroksilin istehsalı imkanlarını artırmağı planlaşdırır.
Bildirilib ki, pambıqçılığın geniş yayılmadığı Avropa ölkələri isə uzun müddət Çin tədarükündən və hazır piroksilin idxalından asılı vəziyyətdə olub.
Məlumata əsasən, Avropa dövlətləri hazırda öz nitrotsellüloz istehsal imkanlarını genişləndirmək və pambıq linterlərinə alternativ xammal mənbələri tapmaq üzərində çalışırlar.