Vüqar Bayramov: Azərbaycan-ABŞ münasibətləri yeni strateji mərhələyə keçib
Azərbaycanla ABŞ arasında son bir ildə formalaşan strateji əməkdaşlıq iqtisadi və texnoloji sahələrdə əlaqələrin yeni mərhələyə yüksəlməsinə şərait yaradıb.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, bunu millət vəkili Vüqar Bayramov Vaşinqton sazişlərinin ildönümü münasibətilə etdiyi paylaşımda bildirib.
Deputat qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, Bakıda təşkil edilən iqtisadi dialoq çərçivəsində imzalanan müqavilələr ənənəvi enerji tərəfdaşlığının strateji, şaxələndirilmiş və süni intellekt də daxil olmaqla yüksək texnologiyalar sahəsində əməkdaşlığa çevrilməsinə imkan yaradıb.
Vüqar Bayramov bildirib ki, bu əməkdaşlıq Azərbaycanın ABŞ-a ixrac göstəricilərinə də müsbət təsir edib. Onun sözlərinə görə, 2026-cı ilin ilk beş ayında Azərbaycanın ABŞ-a ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 43,1 milyon dollara çatıb. İxrac edilən məhsulların təxminən 90 faizini qeyri-neft-qaz məhsulları təşkil edib.
Deputat əlavə edib ki, iqtisadi dialoq çərçivəsində imzalanan 7,5 milyard dollarlıq müqavilələr ölkələr arasında strateji iqtisadi əməkdaşlığın daha da dərinləşdiyini göstərir. O vurğulayıb ki, süni intellekt üzrə işçi qrupunun yaradılması ABŞ-dən Azərbaycana texnologiya və innovasiya transferi üçün yeni imkanlar açır.