Xeberhub.com xəbər verir ki, "EUobserver" portalının yaydığı məlumata görə, Avropada davam edən ekstremal isti hava dalğaları iqtisadiyyat üçün ciddi təhlükə yaradıb və ümumi iqtisadi zərərin 800 milyard avroya çata biləcəyi qiymətləndirilir.
Məlumata əsasən, Avropa Ətraf Mühit Agentliyinin (EEA) iqlim dəyişikliyinə uyğunlaşma üzrə eksperti Hans Martin Fyüssel bildirib ki, yüksək temperatur həm insanların sağlamlığına, həm də iqtisadi fəaliyyətə mənfi təsir göstərir.
Ekspertin sözlərinə görə, uzunmüddətli isti hava dalğaları makroiqtisadi göstəricilərə, əmək məhsuldarlığına və dövlət büdcələrinə ciddi mənfi təsirlər göstərə bilər. Xüsusilə açıq havada fəaliyyət göstərən sektorlar bu prosesdən daha çox zərər görür.
"Allianz" sığorta şirkətinin hazırladığı təhlildə isə ən böyük iqtisadi riskin Fransada olduğu vurğulanıb. Hesabata görə, ölkədə istilərlə əlaqədar risk altında olan iqtisadi fəaliyyətin həcmi təxminən 240 milyard avro dəyərində qiymətləndirilir.
Bundan başqa, İtaliya, İspaniya və Almaniyanın da yüksək temperaturun yaratdığı iqtisadi itkilərdən ən çox təsirlənə biləcək Avropa ölkələri sırasında yer aldığı qeyd olunub.