Siyasi şərhçi: Hörmüz boğazı ABŞ-İran qarşıdurmasının ən həssas nöqtəsinə çevrilib
Hörmüz boğazı ətrafında yaranan gərginlik ABŞ və İran arasında davam edən qarşıdurmanın əsas müzakirə mövzularından biri olaraq qalır. Siyasi şərhçi Rəşad Bayramov bildirib ki, tərəflərin məsələ ilə bağlı fərqli mövqeləri qarşıdurmanı daha da dərinləşdirir.
Onun sözlərinə görə, ABŞ və İran arasında imzalanmış memorandumun 5-ci bəndi Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunmasını nəzərdə tutur. Sənəddə Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə gəmiçiliyin bərpası, eləcə də texniki və hərbi maneələrin, o cümlədən mina təhlükəsinin aradan qaldırılmasının 30 gün ərzində həyata keçirilməsi qeyd edilir.
Rəşad Bayramov hesab edir ki, bu müddəalar Hörmüz boğazının gələcək idarəçiliyinin birtərəfli nəzarətə deyil, beynəlxalq hüquq normaları və təhlükəsiz naviqasiya prinsiplərinə əsaslanacağını göstərir. O qeyd edib ki, sənəd İranın Oman Sultanlığı və digər sahilyanı dövlətlərlə məsləhətləşmələr aparmasını da nəzərdə tutur ki, bu da regional əməkdaşlıq modelinə üstünlük verildiyini göstərir.
Politoloqun fikrincə, Tehran və Vaşinqton "nəzarət" anlayışını fərqli şəkildə şərh edir. İran coğrafi mövqeyinə əsaslanaraq Hörmüzdə əsas söz sahibinin özü olduğunu bildirir. ABŞ isə beynəlxalq ticarət yollarının təhlükəsizliyi və naviqasiya azadlığını prioritet hesab edir.
Ekspert vurğulayıb ki, Hörmüz boğazının bağlanması və ya bölgənin genişmiqyaslı hərbi qarşıdurma zonasına çevrilməsi nə İranın, nə də ABŞ-nin strateji maraqlarına uyğundur. İran enerji ixracı baxımından bu marşrutdan asılı olduğu halda, ABŞ qlobal enerji bazarlarında sabitliyin qorunmasına çalışır.
Rəşad Bayramov ABŞ Prezidenti Donald Trampın Hörmüzə nəzarət edən adalara quru qoşunlarının çıxarılması ilə bağlı bəyanatlarının real görünmədiyini də bildirib. Onun fikrincə, Vaşinqton hərbi strategiyasını əsasən hava zərbələri, dəniz blokadası, kiber əməliyyatlar və strateji obyektlərə təzyiq vasitəsilə davam etdirəcək. Ekspert hesab edir ki, uzunmüddətli böhran həm Avropa ölkələrinin, həm də Körfəz dövlətlərinin prosesə daha fəal müdaxiləsinə səbəb ola bilər.