Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Avropanın bir sıra futbol federasiyaları FİFA Dünya Çempionatında iştirakdan imtina etmə ehtimalını müzakirə edir.
“Sky News”un məlumatına əsasən, federasiyaların bu mövqeyinə səbəb FİFA rəhbərliyinin maliyyə strukturunda dəyişiklik etmək planlarıdır. Xüsusilə təşkilat prezidenti Canni İnfantinonun FİFA-nın müəyyən hissəsini özəl investorların nəzarətinə vermək təşəbbüsü narazılıq yaradıb.
Məlumata görə, FİFA “FIFA Forward Enterprise” adlı yeni törəmə şirkət yaratmağı planlaşdırır. Təxminən 20 milyard dollar dəyərində qiymətləndirilən bu qurumun 20 faizdən artıq hissəsinin xarici investorlara satılması və nəticədə 4,2 milyard dollar həcmində maliyyə cəlb olunması nəzərdə tutulur.
Layihə üzrə əsas investor namizədlərindən biri amerikalı iş adamı Coş Kuşnerin rəhbərlik etdiyi “Thrive Eternal” şirkətidir.
Avropa futbol qurumları hesab edir ki, belə bir addım FİFA-nın idarəçilik modelinə və futbolun gələcək inkişaf istiqamətlərinə təsir göstərə bilər. Buna görə də mümkün etiraz addımları, o cümlədən dünya çempionatını boykot etmək məsələsi gündəmə gəlib.
Qeyd edək ki, Coş Kuşner ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin qardaşıdır.