SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Deputatdan universitetlərin Bakıdan köçürülməsi ilə bağlı AÇIQLAMA

👤 📅 👁 4 baxış ⏱ 4 dəq oxuma
Deputatdan universitetlərin Bakıdan köçürülməsi ilə bağlı AÇIQLAMA

Azərbaycanda bəzi ali təhsil müəssisələrinin Bakıdan regionlara köçürülməsi ilə bağlı müzakirələr davam edir. Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov universitetlərin bölgələrdə yerləşdirilməsinin mümkün üstünlükləri və qarşıya çıxa biləcək çətinliklər barədə danışıb.

Xeberhub.com xəbər verir ki, deputat Sonxeber.az-a açıqlamasında bildirib ki, hazırda bütün universitetlərin və ya konkret ali təhsil müəssisələrinin Bakıdan köçürülməsi ilə bağlı rəsmi qərar qəbul edilməyib. Onun sözlərinə görə, bu məsələ son illər regional inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi müzakirə olunur.

Ceyhun Məmmədov qeyd edib ki, bəzi universitetlərin paytaxtdan Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Naxçıvan və digər şəhərlərə köçürülməsi Bakıda nəqliyyat sıxlığının azalmasına, regionlarda iqtisadi aktivliyin artmasına, yeni iş yerlərinin yaradılmasına və tələbə şəhərciklərinin formalaşmasına müsbət təsir göstərə bilər.

Deputatın sözlərinə görə, bununla yanaşı, yeni kampusların tikintisi, müasir infrastrukturun qurulması, müəllim və tələbələrin uyğunlaşması, eləcə də laboratoriyaların və avadanlıqların köçürülməsi ciddi maliyyə və təşkilati resurslar tələb edir.

O bildirib ki, mütəxəssislər tərəfindən bəzi ali təhsil müəssisələrinin və ya fakültələrinin Şuşa və digər işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi ilə bağlı da təkliflər irəli sürülür. Bu istiqamətdə artıq Qarabağ Universitetinin İncəsənət və Turizm fakültəsinin Şuşaya köçürülməsinin planlaşdırıldığı açıqlanıb. Layihənin təxminən 1500 müəllim və tələbənin şəhərdə fəaliyyət göstərməsinə imkan yaradacağı gözlənilir.

Deputat əlavə edib ki, Xankəndinin gələcəkdə elm və təhsil mərkəzlərindən birinə çevrilməsi də dövlətin prioritet istiqamətlərindən hesab olunur. Onun sözlərinə görə, hazırda Qarabağ Universiteti bu prosesdə əsas ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir və yeni fakültələrin, eləcə də kampusun genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Ceyhun Məmmədov bildirib ki, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bəzi fakültələrinin gələcəkdə bölgələrdə fəaliyyət göstərməsi ilə bağlı təkliflər səsləndirilsə də, bu barədə rəsmi qərar qəbul olunmayıb.

Deputat vurğulayıb ki, universitetlərin və ya onların ayrı-ayrı fakültələrinin regionlara köçürülməsi ilə bağlı qərarlar gələcəkdə infrastrukturun hazır vəziyyəti, təhsilin keyfiyyəti və bölgələrin inkişaf ehtiyacları nəzərə alınmaqla mərhələli şəkildə verilə bilər.

A

Oxşar Xəbərlər