Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarına silahlı münaqişə bölgələri və təhlükəli ərazilərlə bağlı növbəti dəfə xəbərdarlıq edib.
Xeberhub.com xəbər verir ki, XİN-in yaydığı məlumatda bildirilib ki, dəfələrlə edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə zonalarında və yüksək riskli bölgələrdə fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının həlak olması və ya müxtəlif dərəcəli xəsarətlər alması halları qeydə alınmaqda davam edir.
Nazirlik xüsusilə Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatların mülki gəmiçilik üçün ciddi təhlükə yaratdığına diqqət çəkib. Qeyd olunub ki, pilotsuz uçuş aparatları, raketlər və digər silahlardan istifadə nəticəsində bölgədə təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır və mülki gəmilər, eləcə də onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.
Bu səbəbdən XİN Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu ərazilərə səfər etməməyə, həmin bölgələrdə işləməkdən, eləcə də bu marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində əmək fəaliyyəti göstərməkdən çəkinməyə çağırıb.
Nazirlik vətəndaşlara rəsmi xəbərdarlıqlara ciddi əməl etməyi, zərurət yarandığı halda isə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlamağı tövsiyə edib.
Şərhlər (0)
Şərh yazın