SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Ana Səhifə

İlham Əliyev Ərdoğana başsağlığı məktubu ünvanladı

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
İlham Əliyev Ərdoğana başsağlığı məktubu ünvanladı

Xeberhub.com President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Dövlət başçısı məktubunda 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısını alarkən şəhid olanların əziz xatirəsini ehtiramla yad edib, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev məktubunda bildirib:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı Vətənlərini qorumaq üçün həyatlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.

On il əvvəl qardaş Türkiyə müasir tarixinin ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən birini yazdı. Dövlətçiliyə, konstitusiya quruluşuna, milli iradəyə və demokratik əsaslara qarşı yönəlmiş xain çevriliş cəhdi Türkiyə xalqının sarsılmaz əzmi, mətinliyi və Vətənə sonsuz sədaqəti sayəsində qətiyyətlə dəf edildi.

Sizin qətiyyətli və uzaqgörən liderliyiniz, xalqınızın Sizin ətrafınızda sıx birləşməsi həmin taleyüklü gecədə ölkənizi böyük faciələrdən xilas edən əsas amillərdən oldu.

Azərbaycan xalqı və dövləti 'Bir millət, iki dövlət' prinsipini rəhbər tutaraq həmişə olduğu kimi həmin həlledici anlarda da qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi və onun yanında oldu.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da daha da möhkəmlənəcək, strateji müttəfiqliyimiz yeni məzmunla inkişaf edəcəkdir.

Əziz Qardaşım, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına isə əmin-amanlıq, firavanlıq və rifah arzulayıram."

A

Oxşar Xəbərlər