Küveytdə yerləşən daha bir dəniz suyunun şirinləşdirilməsi və elektrik enerjisi istehsalı müəssisəsi İranın həyata keçirdiyi hücum nəticəsində zərər görüb. Bu, son günlər ərzində hədəfə alınan ikinci strateji enerji obyektidir.
Xeberhub.com xəbər verir ki, Küveytin Su Ehtiyatları, Bərpa Olunan Enerji Mənbələri və Elektrik Energetikası Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Nazirliyin məlumatına əsasən, İranın endirdiyi zərbələr nəticəsində növbəti su şirinləşdirmə və elektrik stansiyası vurulub, ərazidə yanğın baş verib. Hazırda yanğının söndürülməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən əməliyyatlar davam etdirilir.
Rəsmi qurum bildirib ki, enerji sisteminin sabitliyini qorumaq və əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi istehsal aqreqatlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Nazirlik bərpa işləri aparıldığı müddətdə vətəndaşlara müraciət edərək, xüsusilə yerli vaxtla saat 11:00–17:00 aralığında elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.
Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri gün ərzində artıq dördüncü dəfə İran tərəfindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatları və raketləri zərərsizləşdirməyə nail olub.
Baş Qərargahın "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd olunur ki, hava hücumundan müdafiə sistemləri davam edən hücumların qarşısını almaq üçün fasiləsiz fəaliyyət göstərir.
Digər tərəfdən, İranın "Tasnim" xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Küveytin cənubundakı Əl-Əhmədi şəhərində yerləşən yanacaq terminalına zərbə endirdiyini iddia edib. Agentliyin məlumatına görə, həmin obyekt ABŞ Hərbi Dəniz Qüvvələrinin yanacaq təminatında istifadə olunur.
Artan təhlükəsizlik riski ölkənin hava nəqliyyatına da təsir göstərib. Küveyt Beynəlxalq Hava Limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən "Kuwait Airways" aviaşirkəti planlaşdırılmış reyslərin əhəmiyyətli hissəsini təxirə salıb.
Rəsmi məlumatlarda vurğulanır ki, Küveyt son 24 saat ərzində İran tərəfindən həyata keçirildiyi bildirilən üçüncü hücumun qarşısını uğurla alıb.