Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq apardığı cinayət işi üzrə dövlətə xəyanətdə təqsirləndirilərək məhkum olunan İvan Nikolayeviç Svetliçnıyın kassasiya şikayətinə baxılıb.
Xeberhub.com xəbər verir ki, **"Report"**un yaydığı məlumata görə, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda yekun qərar elan olunub.
Məhkəmə kassasiya şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin çıxardığı hökmü qüvvədə saxlayıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İvan Svetliçnıy 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü dəyişdirmədən qüvvədə saxlamışdı.
İstintaq materiallarına əsasən, Azərbaycan vətəndaşı olan İvan Nikolayeviç Svetliçnıy Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilib. O, xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə casusluq fəaliyyəti göstərməkdə, bununla da dövlətin təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyətinə zərər vurmaqda təqsirli bilinib.