ABŞ administrasiyası 2026-cı il futbol üzrə dünya çempionatı zamanı Argentina millisinin futbolçularının Folklend (Malvin) adaları ilə bağlı siyasi mövqelərini ifadə etmək hüququnu dəstəklədiyini açıqlayıb.
Xeberhub.com xəbər verir ki, bu barədə Sky News telekanalının jurnalisti Rob Harris məlumat yayıb.
Məlumata görə, Ağ Evin DÇ-2026 üzrə işçi qrupunun rəhbəri Endryu Culiani bildirib ki, məsələ ABŞ Konstitusiyasına Birinci Düzəlişlə qorunan söz və ifadə azadlığı prinsipi çərçivəsində qiymətləndirilir. Onun sözlərinə əsasən, şəxslərin fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ fundamental dəyər hesab olunur.
Argentina millisi dünya çempionatının yarımfinalında İngiltərə ilə qarşılaşmadan sonra meydanda "Las Malvinas son Argentinas" yazılmış pankart nümayiş etdirib. Bu ifadə Azərbaycan dilinə tərcümədə "Malvin adaları Argentinaya məxsusdur" mənasını verir.
Qarşılaşmadan öncə Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel də sosial media paylaşımında oyunu "işğalçılara qarşı mövqe nümayiş etdirmək üçün imkan" kimi qiymətləndirmişdi.
Beynəlxalq Futbol Federasiyası (FIFA) hadisədən sonra Argentina millisini turnirin sonunadək cəzalandırmamaq qərarı verib. Bununla yanaşı, qurum futbolçuların siyasi məzmunlu pankart nümayiş etdirməsi ilə bağlı araşdırmanın davam etdiriləcəyini açıqlayıb.