Xeberhub.com Sportnet.az-a istinadən xəbər verir ki, "Sabah" futbol klubu sabiq oyunçusu Jarl Marqarita ilə bağlı mübahisəni Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) daşıyıb.
Bakı təmsilçisi futbolçunun müqavilə öhdəliklərini pozduğunu əsas gətirərək ondan 810 min avro məbləğində təzminat tələb edir.
Məlumata görə, "Sabah" daha əvvəl eyni məsələ ilə bağlı FIFA-nın Mübahisələrin Həlli Palatasına müraciət etsə də, qurum klubun iddiasını təmin etməyib. FIFA qərarında tərəflər arasında qarşılıqlı etimadın itirildiyini və əmək münasibətlərinin hər iki tərəfin davranışları nəticəsində başa çatdığını qeyd edib.
Bunun ardınca "Sabah" FIFA-nın qərarından apellyasiya şikayəti verərək işi CAS-a çıxarıb. 2026/A/12177 nömrəli "Football Club Sabah v. Jearl Margharita & Football Club Phoenix Rising" işi üzrə məhkəmə dinləməsinin 27 avqust 2026-cı ildə keçirilməsi planlaşdırılır.
Klub Jarl Marqaritanı məşqləri və oyunları buraxmaqda, məşqçilər korpusunun göstərişlərinə əməl etməməkdə və digər intizam pozuntularına yol verməkdə ittiham edir. "Sabah" həmçinin ABŞ təmsilçisi "Phoenix Rising" klubunun da məsuliyyətə cəlb olunmasını və futbolçuya idman sanksiyasının tətbiq edilməsini tələb edir.
Qeyd edək ki, Jarl Marqarita 2023/2024 mövsümündə "Sabah"ın formasını geyinib. Hazırda Kürasao millisinin üzvü olan futbolçu 2026-cı il dünya çempionatında da iştirak edib.