Xeberhub.com bizbrasov.ro-ya istinadən xəbər verir ki, Rumıniyanın Braşov şəhəri yaxınlığında yerləşən "Kronospan" ağac emalı zavodunda iki güclü partlayış baş verib.
Məlumata görə, ilk partlayış Bakı vaxtı ilə təxminən 07:25-də qeydə alınıb. Partlayışdan sonra müəssisədə yanğın başlayıb və hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.
Xilasedicilər alovun söndürülməsi istiqamətində iş apararkən, Bakı vaxtı ilə 09:30 radələrində ikinci güclü partlayış baş verib. Nəticədə zavodun korpuslarından birinin damı tamamilə dağılıb.
Hazırda hadisə yerində bir neçə yanğınsöndürmə briqadası yanğının lokallaşdırılması istiqamətində fəaliyyət göstərir.
Hadisənin səbəbləri, eləcə də ölən və ya xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat açıqlanmayıb.