Xeberhub.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, Konqo Demokratik Respublikası (KDR) və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 001 nəfərə çatıb.
ÜST-nin açıqlamasına əsasən, həyatını itirənlərdən 999-u Konqo Demokratik Respublikasının, 2-si isə Uqandanın payına düşür.
Məlumata görə, laboratoriya şəraitində təsdiqlənmiş Ebola yoluxmaları KDR-də 2 473, Uqandada isə 20 nəfər təşkil edir. Bundan başqa, Konqo Demokratik Respublikasında daha 322 nəfərdə virusa yoluxma şübhəsi qeydə alınıb.
Təşkilatın məlumatında bildirilir ki, hər iki ölkədə ümumilikdə 501 nəfər Ebola virusuna yoluxduqdan sonra sağalıb. Hazırkı statistikaya əsasən, xəstəlikdən ölüm göstəricisi təxminən 40 faizdir.
Xatırladaq ki, Konqo Demokratik Respublikası hökuməti mayın 15-də Ebola virusunun yayılması ilə əlaqədar ölkədə epidemiya elan edib. Həmin gün Uqandanın Səhiyyə Nazirliyi də ölkədə ilk idxal olunmuş yoluxma faktını təsdiqləyib.
ÜST-nin Baş direktoru isə mayın 17-də Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola epidemiyasını beynəlxalq əhəmiyyət daşıyan ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.
Hazırda epidemiyanın əsas ocağı Uqanda ilə sərhəddə yerləşən İturi əyaləti hesab olunur.