Xeberhub.com xəbər verir ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin kassasiya şikayətinə Ali Məhkəmədə baxılıb.
Məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və əvvəlki məhkəmə instansiyalarının çıxardığı hökm qüvvədə saxlanılıb.
Xatırladaq ki, Rəşad Məlikzadə 2022-ci il sentyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Bakı Apellyasiya Məhkəməsi də həmin hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
İstintaq materiallarına əsasən, Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib.
İttihama görə, o, ümumilikdə 9 milyon 369 min 411 manat dövlət vəsaitini mənimsəyib. Bildirilir ki, təqsirləndirilən şəxs həmin məbləğin 848 min manatını dövlət büdcəsinə geri ödəyib.
Məhkəmənin qərarı ilə Rəşad Məlikzadəyə məxsus əmlakların müsadirə olunması barədə qərar da qüvvədə saxlanılıb.