ABŞ Prezidenti Donald Trampın administrasiya rəhbərliyi ilə İrana qarşı mümkün hərbi addımları müzakirə etdiyi bildirilir.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın istinad etdiyi “Axios” nəşrinin məlumatına görə, məsələ iyulun 14-də Ağ Evdə keçirilən qapalı görüşdə müzakirə olunub.
Məlumata əsasən, iclas zamanı Hörmüz boğazı ətrafında ABŞ tərəfindən daha genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi ehtimalı nəzərdən keçirilib.
Nəşr iddia edir ki, Vaşinqtonun əsas məqsədi İrana daha ciddi təzyiq göstərmək, onu Hörmüz boğazının fəaliyyətini bərpa etməyə və nüvə proqramı ilə bağlı tələblərdə güzəştə getməyə sövq etməkdir.
Bildirilib ki, görüşdə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və administrasiyanın digər yüksək vəzifəli rəsmiləri iştirak ediblər.
Məlumata görə, iclasda həmçinin İran ərazisində yerləşən strateji obyektlərə mümkün zərbələrin endirilməsi variantları ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, xəbərdə yer alan məlumatlar “Axios” nəşrinin mənbələrinə əsaslanır. ABŞ administrasiyası görüşün məzmunu ilə bağlı hələlik rəsmi açıqlama verməyib.