Xeberhub.com Axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri Rusiyanın bəzi media qurumlarında və siyasi dairələrində fərqli reaksiyalarla qarşılanıb.
Məlumata görə, Kremlə yaxınlığı ilə tanınan "Lenta.ru" portalı Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasından olan deputatı Aleksandr Tolmaçevin Azərbaycanın xarici siyasəti ilə bağlı səsləndirdiyi fikirlərə yer verib.
Deputat çıxışında Azərbaycanın guya Ermənistanın xarici siyasət kursunu təkrarladığını iddia edib. O, Rusiyadan uzaqlaşaraq Avropa ilə yaxınlaşmağın iqtisadi və siyasi problemlər yarada biləcəyini bildirərək, Ermənistanı buna nümunə göstərib.
Tolmaçev daha sonra Avropa ölkələri ilə əməkdaşlığın Rusiya ilə münasibətlərin zəifləməsinə səbəb olduğunu iddia edib və bu siyasətin gələcəkdə mənfi nəticələr doğura biləcəyini vurğulayıb.
Axar.az yazır ki, deputatın səsləndirdiyi fikirlər reallığı əks etdirmir. Nəşr Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini, qərarlarını milli maraqları əsasında qəbul etdiyini qeyd edir.
Məqalədə həmçinin xatırladılıb ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu günlərdə Moskvada rəsmi görüşlər keçirib. Bundan başqa, Prezident İlham Əliyev Berlində çıxışı zamanı Rusiya və Almaniya nümayəndələrinin Bakıda keçirdiyi görüşə toxunaraq, Azərbaycanın beynəlxalq dialoq və sülh təşəbbüsləri üçün etibarlı platforma olduğunu vurğulayıb.