Ukraynanın Azov dənizində həyata keçirdiyi hücumların Rusiyanın taxıl ixracına mənfi təsir göstərdiyi iddia olunur.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Ukraynanın Azov dənizində 100-dən çox Rusiya gəmisini hədəfə aldığı hücumlardan sonra Azov və Taman limanlarının fəaliyyəti ciddi şəkildə məhdudlaşıb.
Məlumata əsasən, bu iki liman Rusiyanın ümumi taxıl ixracının təxminən 15 faizini, bitki yağlarının xaricə tədarükünün isə 17-21 faizini təmin edir. "Sovecon" analitik mərkəzi isə həmin limanların taxıl və günəbaxan yağı ixracındakı payını 25 faizə qədər qiymətləndirir.
Aqrar Bazar Tədqiqatları İnstitutunun (ICAR) analitikləri hesab edirlər ki, iyul ayında Rusiyanın taxıl ixracı planlaşdırılan 2,5 milyon ton əvəzinə təxminən 2 milyon ton təşkil edə bilər. Bu isə əvvəlki proqnozla müqayisədə 20 faiz azalma deməkdir.
Bildirilir ki, Azov limanlarında yaranan yüklənmənin bir hissəsi dərin su limanlarına yönləndirilə bilər. Həmin limanların aylıq yükləmə gücü 4–4,5 milyon ton səviyyəsində qiymətləndirilir. Bununla belə, "Sovecon" şirkətinin baş direktoru Andrey Sizov qeyd edib ki, ixrac mövsümünün pik dövrü hesab olunan avqust ayında aylıq daşınmaların 5–6,5 milyon tona çatması gözlənildiyindən mövcud imkanlar kifayət etməyə bilər.
Qeyd edək ki, Ukrayna daha əvvəl Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus 116 gəmini vurduğunu açıqlamışdı. Rusiya tərəfi isə bu iddiaları hələlik rəsmi şəkildə təsdiqləməyib.
Şərhlər (0)
Şərh yazın