Xeberhub.com Oxu.Az-a istinadən xəbər verir ki, İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzada radikal HƏMAS hərəkatının yüksək vəzifəli zabitlərindən birini məhv etdiyini açıqlayıb.
SAXAL-ın mətbuat xidmətinin məlumatına görə, zərərsizləşdirilən şəxs HƏMAS-ın Qəzza briqadasının operativ şöbəsinin rəhbəri Adəm İbrahim Şaban Nasman olub.
Bildirilib ki, Nasman Qəzza şəhərinə endirilən zərbə nəticəsində öldürülüb. İsrail ordusunun məlumatına əsasən, o, HƏMAS-ın Qəzzadakı briqadasında kəşfiyyat zabiti, "Əş-Şati" batalyonunun komandiri və "Nuhba" xüsusi təyinatlı qüvvələri batalyonunun rəhbəri kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
SAXAL qeyd edib ki, Nasman 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücum və girovların saxlanılması prosesində iştirak edən şəxslərdən biri olub.
İsrail tərəfinin açıqlamasında həmçinin bildirilib ki, Nasman son aylarda Qəzza zolağında HƏMAS üzvlərinə təlimlərin keçirilməsində iştirak edib və atəşkəs razılaşmasını pozaraq qruplaşmanın hərbi imkanlarını bərpa etməyə çalışıb.