İran: ABŞ şərtlərimizi qəbul etsə, Hörmüz boğazı açılacaq
İran rəsmiləri ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regiondakı məsələlərə müdaxilədən imtina edəcəyi təqdirdə Hörmüz boğazında gəmiçiliyin bərpa olunacağını açıqlayıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibinin açıqlamasına istinadən məlumat yayıb.
Möhibi bildirib ki, Hörmüz boğazının yenidən istifadəyə verilməsi ABŞ-nin mövqeyindən asılıdır.
Onun sözlərinə görə, Vaşinqton İranın irəli sürdüyü tələblərlə tam razılaşmalı və regionla bağlı müzakirələrə müdaxiləni dayandırmalıdır.
"ABŞ bizim şərtlərimizi qəbul etdiyi an boğaz mütləq açılacaq", - deyə SEPAH nümayəndəsi vurğulayıb.
Hörmüz boğazı beynəlxalq gəmiçilik və enerji daşımaları baxımından mühüm strateji marşrutlardan biri hesab olunur.