Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, ötən gecə Rusiya paytaxtı Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalıb. Hücumlar nəticəsində bir sıra sənaye, logistika və yanacaq obyektlərində yanğınlar qeydə alınıb.
Moskva meri Sergey Sobyanin bildirib ki, region istiqamətində 400-dən çox PUA hərəkət edib. Onun sözlərinə görə, pilotsuz aparatların böyük hissəsi şəhərdən uzaq məsafədə zərərsizləşdirilib, 85 PUA isə Moskva ətrafına yaxınlaşarkən məhv edilib.
Hücumların nəticəsində Moskva vilayətinin Podolsk şəhəri ərazisində yerləşən bir sıra obyektlərdə zərər yaranıb. İlkin məlumatlara əsasən, Lvovski mikrorayonundakı neft bazası PUA zərbəsinin hədəfi olub və ərazidə yanğın baş verib.
Bundan əlavə, Podolsk ərazisində yerləşən “Wildberries” şirkətinin Koledino logistika mərkəzinin də hücuma məruz qaldığı bildirilir. Hadisə zamanı müəssisənin əməkdaşlarının təhlükəsizlik məqsədilə təxliyə edildiyi qeyd olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə logistika kompleksində yanğın görünüb.
Bəzi mənbələr “Wildberries” şirkətinin eyni vaxtda iki anbarının zədələndiyini ehtimal edir. Koledino qəsəbəsində şirkətin ən böyük paylama mərkəzlərindən və anbar komplekslərindən birinin yerləşdiyi bildirilir.
OSINT tədqiqatçılarının yaydığı məlumatlara görə, Koledinodakı logistika bazası və Lvovski neft terminalı ilə yanaşı, Domodedovo bölgəsində yerləşən “Cənub Qapıları” sənaye parkında da yanğın baş verib.
Domodedovo şəhər dairəsinin rəhbəri Yevgeniya Xrustalyova bildirib ki, yanğının yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Həmçinin Cənub mikrorayonunda bir PUA-nın çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində binanın xarici hissəsinə ziyan dəydiyi bildirilib.
Məlumata görə, “Cənub Qapıları” sənaye parkı 144 hektar ərazini əhatə edir. Burada ümumi sahəsi 650 min kvadratmetrdən çox olan böyük anbar infrastrukturu yerləşir. Mövcud anbar sahələrinin ümumi həcmi isə 180 min kvadratmetrdən artıqdır.
Bundan başqa, Motovilovo ərazisində yerləşən “Qrivno” sənaye parkının da PUA hücumundan zərər çəkdiyi qeyd olunur.
Hadisələr nəticəsində Moskva vilayətində bir neçə nəfər xəsarət alıb. Bildirilir ki, yaralanan şəxslərdən biri fərdi evdə baş verən yanğın zamanı, digəri isə M-4 avtomobil yolunda PUA-nın avtomobil yaxınlığına düşməsi nəticəsində xəsarət alıb.
Yevgeniya Xrustalyovanın açıqlamasına görə, hazırda Domodedovo xəstəxanasında müxtəlif dərəcəli xəsarət alan altı nəfər müalicə olunur. Onlardan bir kişinin vəziyyətinin ağır olduğu və həkimlərin onun həyatını xilas etməyə çalışdığı bildirilir.
Daha əvvəl Moskva vilayətinin rəhbəri Andrey Vorobyov PUA hücumu nəticəsində iki nəfərin yaralandığını, bəzi yaşayış evləri və mülki infrastruktur obyektlərinin zərər gördüyünü açıqlamışdı.