Tacikistan Prezidenti Emoməli Rəhmon hökumət qarşısında ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxaldan asılılığın azaldılması ilə bağlı yeni tapşırıqlar qoyub.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, vm.ru-nun Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən yaydığı xəbərdə Emoməli Rəhmon hökumətin iclasında mövcud qlobal vəziyyət fonunda iqtisadi təhlükəsizliyin qorunmasının prioritet olduğunu bildirib.
Prezident qeyd edib ki, dünyada davam edən iqtisadi və siyasi qeyri-sabitlik şəraitində makroiqtisadi sabitliyin təmin olunması, daxili istehsalın artırılması və yerli resurslardan səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır.
Bu məqsədlə aidiyyəti dövlət qurumlarına kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, məhsul yığımının vaxtında həyata keçirilməsi, əkin sahələrinin genişləndirilməsi, torpaq və su ehtiyatlarından daha səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verilib.
Emoməli Rəhmon, həmçinin ölkədə hər bir ailənin minimum iki illik ərzaq ehtiyatı formalaşdırmasının vacibliyini vurğulayıb. O, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsini və görülən tədbirlərin davam etdirilməsini tapşırıb.
Bundan əlavə, prezident hökumət qarşısında ilin sonunadək Tacikistan iqtisadiyyatında ÜDM artım tempinin ən azı 8 faiz səviyyəsində saxlanılması vəzifəsini də qoyub.