Paşinyanın Əliyevə zəngi sülh prosesində yeni mərhələnin göstəricisidir
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Bakı ilə İrəvan arasında sülh prosesinin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.
Xeberhub.com xəbər verir ki, Paşinyanın Əliyevə zəng etməsi Qarabağ münaqişəsinin başlanmasından onun başa çatdırılmasına qədər olan dövrdə Azərbaycan və Ermənistan liderləri arasında baş tutan ilk telefon danışığı olub. Bu baxımdan telefon danışığı Bakı-İrəvan xəttində sülhün əldə olunması istiqamətində atılan mühüm addımlardan biri hesab edilə bilər.
Zəngin məhz Ermənistan tərəfindən edilməsi İrəvanın sülhə daha çox maraq göstərməsindən deyil, mövcud siyasi reallıqda təşəbbüsün və əsas siyasi gündəliyin Azərbaycanın əlində olmasından irəli gəlir.
2023-cü ilə qədər danışıqlarda daha çox mövcud status-kvonu qorumağa çalışan Ermənistan Azərbaycanın antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra yaranmış yeni reallıqla barışmalı və Bakının təşəbbüsü ilə formalaşan sülh gündəliyinə qayıtmalı oldu.
Hazırkı şərtlərdə sülh gündəliyindən uzaqlaşmaq Ermənistan üçün daha ciddi risklər yarada bilər. Belə ki:
- Rusiya ilə münasibətlərdə son illər müşahidə olunan qarşıdurma artıq daha praktik mərhələyə keçməkdədir;
- İran ətrafında yaranan geosiyasi gərginlik Ermənistanın regiondakı alternativlərini məhdudlaşdırır;
- Avropaya inteqrasiya siyasəti fonunda Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarlarına çıxış İrəvan üçün strateji əhəmiyyət daşıyır.
Bu amillər fonunda Ermənistan üçün əsas çıxış yollarından biri Azərbaycanla sülh sazişinin imzalanması və regionda yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Paşinyanın İlham Əliyevə zəngi də məhz Vaşinqtonda əldə olunmuş razılaşmalara və sülh prosesinin yekunlaşdırılması istiqamətində atılan addımlara sadiqliyin nümayişi kimi qiymətləndirilə bilər.
Lakin Ermənistanın sülhə sadiqliyinin yalnız telefon danışığı ilə məhdudlaşmadığını nümayiş etdirməsi üçün daha konkret addımlar atması tələb olunur. Bu baxımdan əsas məsələlərdən biri Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi olaraq qalır.
Liderlərin telefon danışığı ilə bağlı rəsmi məlumatda Vaşinqtonda əldə edilmiş razılaşmalar, sülh prosesinin irəlilədilməsi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, eləcə də TRIPP layihəsinin icrası müzakirə olunan məsələlər sırasında göstərilib.
Rəsmi məlumatda Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsinin müzakirə edilib-edilmədiyi açıqlanmayıb. Bununla belə, yekun sülh sazişinin qarşısında dayanan əsas məsələlərdən biri məhz Ermənistanın konstitusion bazasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması olduğundan, bu mövzunun tərəflərin gündəliyində olması ehtimalı istisna edilmir.