Politoloq: Çin nüvə arsenalını artırdıqca ABŞ da eyni siyasəti aparmağa məcbur olur
ABŞ Çinin nüvə arsenalının məhdudlaşdırılması ilə bağlı Pekini danışıqlara cəlb etməyə çalışsa da, bu istiqamətdə hələlik nəticə əldə edə bilmir.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu ABŞ və Rusiya arasında nüvə silahlarının azaldılması ilə bağlı əvvəlki razılaşmaların tarixindən danışaraq Çinin uzun müddət bu proseslərdən kənarda qaldığını bildirib.
Onun sözlərinə görə, “Soyuq müharibə” dövründə əsas nüvə rəqabəti ABŞ və keçmiş SSRİ arasında olub. Həmin vaxt Çinin nüvə arsenalı indiki səviyyədə olmadığı üçün Pekin nüvə silahlarının azaldılması ilə bağlı danışıqların əsas iştirakçılarından biri olmayıb.
Politoloq qeyd edib ki, ABŞ sonrakı illərdə Çinin nüvə arsenalının sürətlə genişləndiyini nəzərə alaraq Pekinin də nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara qoşulmasını istəyib. Lakin Çin Vaşinqtonun bu təkliflərini qəbul etməyib.
E.Şahinoğlunun sözlərinə görə, Pekin nüvə arsenalını ABŞ və Rusiyanın səviyyəsinə çatdırmaq məqsədi güdür.
Politoloq bildirib ki, ABŞ kəşfiyyatının məlumatlarına əsasən, Çin yaxın illərdə qitələrarası ballistik raketlərin istehsalını, eləcə də bunun üçün nəzərdə tutulan mərkəzlərin və mobil raket komplekslərinin sayını əhəmiyyətli dərəcədə artıracaq.
Bununla yanaşı, Çinin hərbi dəniz qüvvələrinin nüvə silahları ilə təchizatını da gücləndirdiyi qeyd olunub. E.Şahinoğlu hesab edir ki, bu vəziyyət ABŞ-ın hərbi strategiyası üçün ciddi çağırışlar yaradır.
“Buna görə də Vaşinqton Pekini nüvə arsenalı və ballistik raketlər mövzusunda diplomatik danışıqlara cəlb etməyə çalışır. Çünki Çin nüvə arsenalını artırdıqca ABŞ da eyni siyasəti aparmaq məcburiyyətindədir”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Çinin artan hərbi və nüvə potensialı ABŞ-ı hərbi resurslarının böyük hissəsini Hind-Sakit okean regionuna yönəltməyə vadar edib. Vaşinqton bu bölgədəki müttəfiqləri, o cümlədən Yaponiya ilə hərbi-strateji əməkdaşlığı da genişləndirmək niyyətindədir.
Politoloq qeyd edib ki, bu çərçivədə Yaponiyanın raket arsenalının gücləndirilməsi və hətta nüvə silahına malik olması ilə bağlı müzakirələrə münasibətin dəyişməsi də diqqət çəkir.
Çinin ballistik raket sınaqları
E.Şahinoğlu bildirib ki, Çin nüvə arsenalını artırmaqla yanaşı, ballistik raket sınaqlarının sayını da çoxaldıb.
Onun sözlərinə görə, Çin bu ilin iyulunda Sakit okeanda nüvə sualtı qayığından uzaqmənzilli ballistik raketin sınaq buraxılışını həyata keçirib. Bu hadisə Yaponiya, Avstraliya, Yeni Zelandiya və regiondakı bəzi ada dövlətlərində narahatlıq yaradıb.
Politoloq qeyd edib ki, kiçik ada dövlətləri birgə bəyanat yayaraq Çinin bölgədə əvvəlcədən xəbərdarlıq etmədən ballistik raket sınaqları keçirməsini qəbuledilməz hesab ediblər.
“Bu narahatlığa baxmayaraq, Çin hərbi strategiyasını dəyişdirməyəcək”, - deyə Elxan Şahinoğlu bildirib.