Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan "Məkkə müqaviləsi"ni imzaladı
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə müqaviləsi" adlandırılan yeni üçtərəfli müdafiə sazişi rəsmi olaraq imzalanıb.
Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, sazişin əsas müddəalarından biri kollektiv müdafiə prinsipini nəzərdə tutur.
Sənədə əsasən, iştirakçı ölkələrdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum hər üç dövlətə qarşı edilmiş hücum kimi qiymətləndiriləcək. Müqavilənin məqsədi kollektiv müdafiə mexanizmlərini gücləndirmək, həmçinin ölkələr arasında hərbi əməkdaşlığı daha da genişləndirməkdir.
NTV telekanalının məlumatına görə, sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.
Məlumata əsasən, tərəflər hərbi-texniki əməkdaşlığın inkişafı, Yaxın Şərq də daxil olmaqla regional böhranlarla bağlı fəaliyyətin əlaqələndirilməsi və kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirməyi planlaşdırırlar.
Xəbərdə qeyd olunur ki, bəzi ölkələrdə "İslam NATO-su" kimi təqdim olunan bu əməkdaşlıq formatı ilə bağlı danışıqlar ötən ilin sonlarından aparılır. Bildirilir ki, mümkün əməkdaşlıq istiqamətlərindən biri də Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin beşinci nəsil "Kaan" qırıcı təyyarəsinin hazırlanması proqramına qoşulması ola bilər.