Xeberhub.com xəbər verir ki, Oxu.az-ın yaydığı məlumata görə, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakibaku.az xəbər portalının kollektivi ilə görüş keçirib.
Görüş zamanı Eldar Əzizov media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və Bakibaku.az kollektivinin ictimai əhəmiyyət daşıyan hadisələrin operativ və peşəkar şəkildə işıqlandırılmasını yüksək qiymətləndirib. O bildirib ki, banisi görkəmli jurnalist Nəsir İmanquliyev olan media ənənəsinin davamçısı olmaq həm böyük şərəf, həm də məsuliyyətdir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, bu il Nəsir İmanquliyevin anadan olmasının 115 illiyi tamam olur. Onun sözlərinə görə, uzun illər fəaliyyət göstərən "Bakı" qəzeti Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb.
Eldar Əzizov çıxışında Azərbaycanda media sahəsinin inkişafına da toxunaraq bildirib ki, ölkədə söz azadlığının təmin olunması və media qurumlarının sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb. O, hakimiyyətlə media arasında formalaşan dialoqun əhəmiyyətini vurğulayaraq, Prezident İlham Əliyevin jurnalistlərlə keçirdiyi görüşlərin bu istiqamətdə mühüm rol oynadığını qeyd edib.
Paytaxtın icra başçısı əlavə edib ki, bu siyasi ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Eldar Əzizov, həmçinin Azərbaycanın təhlükəsizlik, sabitlik və inkişaf göstəricilərinin beynəlxalq səviyyədə ölkənin nüfuzunun artmasına töhfə verdiyini bildirib və çıxışının sonunda dövlət başçısına təşəkkürünü ifadə edib.
Şərhlər (0)
Şərh yazın