İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus hərbi obyektə raket zərbələri endirdiyini açıqlayıb. Tehran bu addımın ABŞ qüvvələrinə qarşı həyata keçirilən əməliyyatların bir hissəsi olduğunu bildirib.
XeberHub.com xəbər verir ki, əsas mənbə İran dövlət teleradio şirkəti IRIB-dir.
IRIB-in yaydığı məlumata görə, SEPAH qüvvələri ABŞ Silahlı Qüvvələrinin İordaniya ərazisində yerləşən aviabazasına və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına bir neçə ballistik raketlə zərbələr endirib.
İran tərəfi bildirib ki, əməliyyat zamanı ABŞ hərbi infrastrukturunun müxtəlif bölmələri hədəfə alınıb. Hadisə ilə bağlı ABŞ və İordaniya tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl, iyulun 26-da SEPAH nümayəndəsi general Hüseyn Mohebbi iyulun 8-15-i tarixlərində baş verən qarşıdurmalar zamanı İranın ABŞ-yə böyük həcmdə maddi zərər vurduğunu iddia etmişdi.
Onun sözlərinə görə, həmin dövrdə ABŞ-nin komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sistemləri, radar qurğuları, rabitə obyektləri, logistika məntəqələri, sursat anbarları, aviasiya texnikası və pilotsuz uçuş aparatları ilə bağlı obyektlərə zərbələr endirilib.