Avropa ölkələrinin bir qismi Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün tutucu raketlərin göndərilməsinə razılıq verməyib. Bu səbəbdən Kiyevin hava hücumundan müdafiə imkanlarının zəiflədiyi bildirilir.
Xeberhub.com xəbər verir ki, The Washington Post nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ administrasiyası 2026-cı ilin əvvəlində bəzi Avropa dövlətlərini Ukraynaya əlavə "Patriot" raketləri ayırmağa təşviq etsə də, bir sıra ölkələr bu təklifə müsbət cavab verməyib.
Məlumatda qeyd olunur ki, həmin ölkələr öz hava hücumundan müdafiə potensialının zəifləyəcəyindən ehtiyat edərək mövcud ehtiyatlarını bölüşmək istəməyiblər.
Nəşrin həmsöhbəti olan ukraynalı rəsmi bildirib ki, hazırda ölkənin kifayət qədər tutucu raketi yoxdur və yaxın aylarda böyük həcmdə yeni sursat əldə etmək çətin görünür.
Bildirilir ki, avqustun 5-də Kiyev istiqamətinə atılan raketlərin qarşısının tam alınmaması da bu çatışmazlıqla əlaqələndirilir. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl hava hücumundan müdafiə sistemləri və onlar üçün əlavə raketlərə ehtiyac olduğunu dəfələrlə vurğulayıb.
Məlumata görə, Zelenski ABŞ Prezidenti Donald Trampla təmaslarında da qış mövsümünə qədər Ukraynaya "Patriot" sistemləri üçün 300 tutucu raketin verilməsini xahiş edib. Donald Tramp isə Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ-nin özünün də bu raketlərə ehtiyac duyduğunu bildirib.