ABŞ və İran arasında Yaxın Şərqdə gərginliyin artması fonunda Vaşinqtonun Tehranla daha genişmiqyaslı qarşıdurmaya yaxınlaşdığı bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.
Məlumata əsasən, ABŞ Müdafiə Nazirliyi bölgədəki hərbi imkanlarını artırmaq məqsədilə Yaxın Şərqə əlavə döyüş təyyarələri yerləşdirməyə başlayıb. Lakin hava hücumundan müdafiə vasitələrinin, uzaqmənzilli sursat ehtiyatlarının azalması və əvvəlki əməliyyatlar zamanı yaranan zədələr səbəbindən ABŞ ordusunun əlavə qüvvələr göndərmək imkanlarının məhdud olduğu qeyd edilir.
Amerikalı məmur qəzetə açıqlamasında bildirib ki, mövcud resurslar ABŞ-nin bütün əməliyyatları təhlükəsiz və tam şəkildə həyata keçirməsi üçün kifayət etməyə bilər.
Qeyd edək ki, ABŞ-İran münasibətlərində gərginlik iyulun 8-dən etibarən yenidən yüksəlib. Həmin tarixdə ABŞ qüvvələri Vaşinqton və Tehran arasında razılaşmadan sonra ilk dəfə Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq İran ərazisinə zərbələr endirib.
Bundan sonra ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan atəşkəs razılaşmasının sona çatdığını açıqlayıb. İran isə cavab olaraq Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində yerləşən ABŞ obyektlərinə qarşı hücumlar həyata keçirib.